ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Ağstafa rayonunun elektrik təsərrüfatında dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb, avadanlıqlar sazlanıb. Transformator məntəqələrində yeni ayırıcılar quraşdırılıb, yağ əlavə edilib, çıxış kabelləri dəyişdirilib. Eyni zamanda paylayıcı xətlərdə də yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Həmçinin hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib. Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib. Rayonun enerji təsərrüfatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, cari ilin oktyabr ayında “Ağstafa” EŞ-in xidmət ərazisində 13,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 6 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 5 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 min kilovatsaatdan çox artaraq 2,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizdən çox artmışdır. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak 105,2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 31,8 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə, ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 30 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 33 min kilovatsaata yaxın artaraq 27,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur.
Mənbə onu da bildirdi ki, rayon ərazisində elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə də rast gəlinir. Belə neqativ halların aşkalanması üçün şəbəkənin bütün kollektivi səfərbər olub. Hər gün keçirilən axşam və gündüz reydlərə çıxan operativ qrupların fəaliyyəti də məhz buna yönəlib. Elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərə qarşı ciddi tədbirlər görülür, ödənişdən yayınan abonentlər müvafiq qaydada şəbəkədən açılır. Yalnız ödənişlər həyata keçirildikdən sonra onlara elektrik enerjisinin verilməsi bərpa edilir.
Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.