TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Abşeron yarımadasında generasiya güclərindən önəmlisi olan “Şimal” ES-nın kollektivi illik təmir qrafikinə uyğun olaraq qaz turbininin və hava kompressorunun əsaslı təmirini uğurla həyata keçirmişlər. Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir. “Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyanın kollektivi cari ilin 10 ayını da uğurlu istehsalat göstəriciləri ilə başa vurmuşlar. Belə ki, cari ilin 10 ayı ərzində isə burada 1 milyard 540,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə müsbət nəticələr əldə edilmişdir. Mənbənin stansiyada payız-qış mövsümü ilə bağlı görülmüş işlər barəsində verdiyi məlumata istinadən onu da qeyd edək ki, tədbirlər planına uyğun olaraq qrafik üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər başa çatdırılmışdır.
Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.
Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.