AZƏRBAYCAN İES: MÖVSÜMƏ HAZIRLIQ BAŞA ÇATIR
Havaların soyuq nəfəsi duyulur. Respublikamızda elektrik enerjisinin ən böyük istehsalçısı olan «Azərbaycan» İES-in kollektivi həmişə olduğu kimi, bu ilki payız-qış mövsümünə də yüksək səviyyədə hazırlıq görüb.
Sözügedən stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Enerji müəssisələrinin 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığı” haqqında əmrə uyğun “Azərbaycan İES” üzrə də kompleks tədbirlər planı vaxtında və ardıcıllıqla icra edilir.
Belə ki, stansiyanın səkkizinci enerji blokunda əsaslı, dördüncü və yeddinci enerji bloklarında orta, digər enerji bloklarında isə planlı cari təmirlər həyata keçirilib. 330 və 500 kV-lik açıq paylayıcı quruluşda eleqaz və hava açarlarının təmir olunması da başa çatıb.
Müəssisədən bildirildiyinə görə, enerji bloklarında qazan qurğularının qaz yollarında və regenerativ hava qızdırıcılarında müxtəlif təyinatlı təmir işləri başa çatıb. Bununla yanaşı, çirklənmiş ekran borularının daxili səthinin turşu ilə yuyulub, yüksək və alçaq təzyiqli armaturlar təmir olunaraq yararlı vəziyyətə gətirilib.
Qeyd edək ki, müəssisədə kompleks tədbirlərlə yanaşı, əlavə tədbirlər də həyata keçirilib. Stansiyada istehsalat binaları və iş yerlərinin qızdırılması və işıqlandırılması üzrə əsas işlər başa çatdırılıb.
Ətraf mühitin hərarəti aşağı olduqda texnoloji avadanlıq və qurğuların zədələnməsinin qarşısını almaq məqsədilə əməli tədbirlər də həyata keçirilib. Əsas və köməkçi texnoloji avadanlıqlarda, yanacaq təsərrüfatında, yağ sistemlərində və kabel xətlərində partlayışdan və yanğından mühafizə tədbirləri vaxtında görülüb. İşçi heyəti lazım olan fərdi mühafizə vasitələri ilə, xüsusi paltar və alətlərlə təchiz olunub.
Yeri gəlmişkən, “Azərbaycan” İES-də cari ilin 10 ayı ərzində isə 6 milyard 130,2 milyon kilovatsaata, o cümlədən oktyabr ayında isə 620,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.