XAÇMAZ REŞ: İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLDİLİR

Image

Cari ilin son üç ayı ərzində mövsümə hazırlıq tədbirlərinə uyğun olaraq 35 kV və ondan yuxarı gərginlikli yarımstansiyalarda, güc transformatorları və avadanlıqlarında müvafiq təmir və yenidənqurma işləri həyata keçirilmiş, o cümlədən avadanlıqlar müasir tipliləri ilə əvəzlənmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə “Xaçmaz REŞ”in balans mənsubiyyətinə aid olan 110 kV-lik “Xaçmaz” yarımstansiyasında 10 kV-lik “Gəncəli” və “Nizova” hava xətlərinin (HX) yağ açarları yeni tipli vakuum açarlar ilə əvəz edilmiş, 1 saylı 25 MVA transformatorun və 110 kV-lik 4-cü “Xaçmaz” HX-nin 1-ci və 2-ci şin sistemindən şin ayrıcılarında, ehtiyatda olan 25 MVA transformatirda təmir işləri aparılmışdır. Eyni zamanda 2 saylı 25 MVA transformatorun 110 kV-lik 2-ci çin sistemində də yeni avadanlıq quraşdırılmışdır. Ümumiyyətlə, həyata keçirilmiş yenidənqurma və təmir işləri yarımstansiyanın dayanıqlığını daha da möhkəmləndirilmişdir. Qeyd edək ki, sözügedən dövrdə yenidənqurma və təmir işləri müəssisənin xidməti ərazisində olan 110 kV-lik “Quba”, “Qusar”, “Siyəzən” və digər eyni gərginlikli yarımstansiyalarda da həyata keçirilmişdir. Yağ açarlarının yenisi ilə əvəz edilməsi və təmiri, gərginlik məhdudlaşdırıcılarının quraşdırılması və ya boşaldıcıların yeni tipli gərginlik məhdudlaşdırıcısı ilə əvəzlənməsi və digər işlər həmin bu yarımstansiyalarda görülmüş işlərin siyahısına daxildir. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid olan 35 kV-lik yarımstansiyalarda da hesabat dövründə yenidənqurma və müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Buna misal olaraq 35 kV-lik “Qusar” yarımstansiyaında 1 saylı 3,2 MVA-lıq transformatorun 10 kV-lik tərəfində, “Cağar”, “Zeyxur”, “Əcəxur” yarımstansiyalarında 10 kV-lik bölməsində yeni gərginlik məhdudlaşdırıcılarının quraşdırılmasını, ölçü sınaq işlərinin aparılmasını və digər avadanlıqlarda aparılan təmir işlərini göstərmək olar. Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri müəssisənin xidməti ərazisində olan EVX-lərdən də yan ötməmişdir. Belə ki, 330 kV-lik “Xaçmaz”, “Dərbənd”, 110 kV-lik 1, 2, 3, 4, 6 və 7-ci “Xaçmaz” və digər hava xətlərində aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı xeyli sayda izolyator yenisi ilə əvəzlənmişdir.Eyni zamanda 35 kV-lik “Quba-Qusar” və “Qonaqkənd” HX-lərdə dayaqlar təmir edilmiş, həmçinin sonuncu xəttdə (Qonaqkənd HX-də) iki dayaq isə yenisi ilə əvəzlənmişdir.

Mənbə qarşıdakı perspektiv planları barəsində də məlumat verərək bildirdi ki, Qusar rayonunun istehlakçılarını daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək məqsədilə inşa edilmiş 35/10 kV-lik “Qusar” yarımstansiyasını qidalandıracaq HX-nin tikintisi aparılmış, hazırda həmin bu xəttin kabel xətti ilə çəkiləcək hissəsində işlər davam etdirilir.   Eyni zanada  35 kV-lik “Əcəxur” HX-də 8 ədəd anker və 12 ədəd aralıq dayağın yeni metal dayaqla əvəzlənməsi işləri də həyata keçirilir.

 

Sonda onu da qeyd edək ki, burada yanğın təhlükəsizliyi məsələsi daim diqqət məkəzindədir. Mövcud iqlim şəraitinə uyğun olaraq yarımstansiyaların ərazisi və açıq paylayıcı quruluşları yanğından mühafizə qaydalarına uyğun olaraq otlardan təmizlənmiş, kabel kanallarında kipləndirmə işləri aparılmışdır. Eyni zamanda güc transformatorlarında yağ sızmaları aradan qaldırılmışdır.