REYDLƏR DAVAM ETDİRİLİR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Balakən” EŞ-də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma, əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən müəssisənin də xidməti ərazisində təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işləri ilə yanaşı yenidənqurma işləri də müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, 2014-cü ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 34 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 64,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 64 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, burada cari ilin 9 ayı ərzində isə 220-yə yaxın qayda pozuntusu faktı aşkar olunmuş, 280,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 16,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin sentyabr ayında 3,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da 2,2 milyon kilovatsaata yaxını daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 265 min kilovatsaata yaxın, daimi əhali istehlakçılar qrupunda isə istehlak 157 min kilovatsaatdan çox artmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə, daimi əhali istehlakçılar qrupunda isə 6 faizə yaxın artmışdır. Onu da qeyd etmək yarinə düşərdi ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 34,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlak ilə müqayisədə 2.7 milyon kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon kilovatsaatdan çox artaraq 21,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə mütləq 7 faizə yaxın artmışdır.