AVADANLIQLAR MÖVSÜMƏ HAZIRDIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında yenidənqurma və ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ağdaş Elektrik Şəbəkəsi”nin xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra yenidənqurma və təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 27 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 9 ayı ərzində isə 170-dən artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 563,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 33,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, Şəbəkənin istismar vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər davam etdirilir. Vaxtında aparılan yenidənqurma, cari və əsaslı təmir işləri nəticəsində istehlakçılar daha da dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.
Mənbə onu da bildirdi ki, cari ilin 9 ayı ərzində müəssisənin xidməti ərazisində 60,9 milyon kilovatsaata yaxın, o cümlədən daimi əhali qrupu tərəfindən isə 36,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 7,2 milyon kilovatsaatdan, ödəniş isə mütləq 12 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,8 milyon kilovatsaatdan çox artmışdır. Ödənişdə mütləq artım isə 11 faizdən artıq olmuşdur. Cari ilin sentyabr ayında müəssisə üzrə 6,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 16 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 425 min kilovatsaata yaxın artaraq 3,8 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə mütləq 11 faizdən çox artmışdır.