SAYĞAC SXEMLƏRİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında Xızı elektrik şəbəkəsinin (EŞ)  xidməti ərazisində keçirilmiş reydlər zamanı 14 istehlakçının sayğacın uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 30,6 min  kilovatsaat itirilmiş elektrik enerjisinin 1,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 95 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı sözügedən müəssisənin xidməti ərazisində 155 qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 304,1 min kilovatsaat itirilmiş elektrik enerjisinin 78,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizindən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“EŞ-in xidməti ərazilərində vaxtında həyata keçirilmiş hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb” – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 KV-lik xətlərin müəyyən hissəsi yenilənmiş və təmir olunmuş, dayaqlar dəyişdirilmişdir. Eyni zamanda balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri görülmuş və bir neçə transformatorda təmir edilərək istehlakçıların ixtiyarına verilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, yenidənqurma və təmir işləri növbəti aylarda da davam etdiriləcəkdir.

Mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında Xızı EŞ-in xidmət ərazisində 4,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 938 min kilovatsaata yaxın azalmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 255 min kilovatsaatdan çox artaraq 598 min kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdan çox artmışdır. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə istehlak 54,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 5,1 milyon kilovatsaat azdır. Ö cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 922 min kilovatsaatdan çox artaraq 6,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə mütləq 3 faizə yaxın artmışdır.