ELEKTRİK ENERJİSİNDƏN QEYRİ-QANUNİ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü və paylayıcı şəbəkələrdə əsaslı və cari təmir işləri yerinə yetirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində itkilərin azaldılması və müəssisə üzrə texniki iqtisadi göstəricilərdə müsbət nəticələr əldə edilmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Saatlı” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 164 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 313,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 18,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində burada 920-dən artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 2 milyon 101,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 126,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 58 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, yenidənqurma işləri çərçivəsində 10, 6 və 0,4 kV-lik xətlərin müəyyən hissəsi yenilənmiş və təmir edilmişdir. Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.
Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək qeyd etdi ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə ümumi istehlak 67,6 milyon kilovatsaatdan, o cümlədən sentyabr ayında isə 5,4 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 9 ayı ərzində ümumi istehlak 1,6 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 12 faizdən çox olmuşdur. O cümlədən, sentyabr ayında isə istehlak 86 min kilovatsaata yaxın, ödəniş isə mütləq 38 faizdən çox artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 9 ayında daimi əhali istehlakçıları üzrə 50,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 283 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə mütləq 9 faizə yaxın artmışdır. O cümlədən, sentyabr ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 min kilovatsaatdan çox artaraq 3,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım 33 faizdən artıq olmuşdur.