BAĞLAR EŞ: QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

Image

Ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alıb. Avadanlıqların ifrat yüklənmədən və digər təsirlərdən qorunması, eyni zamanda itkilərin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçiririb və hazırda da davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında “Bağlar Elektrik Şəbəkəsi”nin xidməti ərazisində keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 190,9 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 11,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 71 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə aşkar edilmiş 515 qayda pozuntusuna görə 1 milyon 413,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 84,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də 74 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən bu enerji təsərrüfatının transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 kV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, EŞ-in xidməti ərazisindəki 10 kV-lik “Məhəmmədi”, “Fatmai-2” və digər, 6 kV-lik “Novxanı-1”, “Bağ”, “Görədil bağ” və digər bir neçə hava xətlərində (HX) müəyyən dayaqlar arası naqil və həmin dayaqlardakı izolyatorlar da dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkələrdə də müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Bu qabaqlayıcı tədbirlər nəticəsində şəbəkələrin enerji ötürmə qabliyyəti artırılmış, elektrik enerjisinin keyfiyyəti və təhlükəsizliyi daha da möhkəmlənmişdir. Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan  TM-lərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən qoruyucular, 0,4 kV-lik açarlar quraşdırılmış və transformatorlara yağ əlavə edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında müəssisə üzrə 12,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,7 milyon kilovatsaat çoxdur.  Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödəniş isə mütləq 15 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 8,4 milyon kilovatsaata və 2,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə mütləq 24 faizə yaxın artmışdır.  Yeri gəlmişkən, müəssisə üzrə cari ilin 9 ayı ərzində isə ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 120,9 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 11,8 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 11 faizdən çox olmuşdur. O cümlədən daimi əhali qrupunda istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,5 milyon kilovatsaatdan çox artaraq 79,4 milyon kilovatsaatdan, ödənişdə mütləq artım isə 11 faizdən artıq olmuşdur.