İTKİLƏRİN AZALDILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
Enerjisistemdə dayanıqlığın yüksəldilməsi, enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, Cəlilabad rayonunda da mühüm işlər görülür. Rayon ərazisində elektrik verilişi xətləri, transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb. Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində ciddi irəliləyiş əldə edilib.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Cəlilabad EŞ-in də xidməti ərazisində cari ilin ötən aylarında yeni fərdi mənzillərə yeni sayğaclar qoyulub, qüsurlu sayğaclar isə dəyişdirilib. Bu müddət ərzində naqillərin qabariti bərpa edilib. Şəbəkənin balansında olan transformatorlar əsaslı və cari təmirdən çıxarılıb. Qeyd edək ki, elektrik verilişi xəttinə də diqqət ayrılıb. Ümumiyyətlə, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir. Onu da qeyd edək ki, hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin sentyabr ayında 9,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da 7,1 milyon kilovatsaata yaxını daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 901 min kilovatsaata, daimi əhali istehlakçılar qrupunda isə 545 min kilovatsaata yaxın artmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 18 faizə yaxın artmışdır. Daimi əhali istehlakçılar qrupunda isə bu göstərici 10 faizdən çox olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 99,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 milyon kilovatsaata yaxın artaraq 77,9 milyon kilovatsaatdan artıq olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 8 faizə yaxın mütləq artmışdır.
Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 640-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 957,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 117,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 96 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. O cümlədən, cari ilin sentyabr ayında 50 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 169,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 10,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 97 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.