ZƏRDAB EŞ: REYDLƏR KEÇİRİLİB
“Mingəçevir REŞ”in paylayıcı şəbəkələri sırasında olan “Zərdab EŞ”in də müsbət fəaliyyətini qeyd etmək vacibdir. Paylayıcı şəbəkənin xidmət göstərdiyi ərazilərdə son vaxtlar texniki istismar səviyyəsinin yüksəldilməsi, rayon əhalisi arasında aparılan məqsədyönlü tədbirlər, eləcə də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı qətiyyətli addımların atılması, müəssisənin xidməti ərazisində istehlak edilmiş elektrik enerji haqqının ödənişində irəliləyiş yaradıb.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilən təmir işləri zamanı xətlərin müəyyən hissəsi dəyişdirilmiş, qabariti bərpa olunmuş, dayaqlar düzləndirilmiş və xəttin trassası yaşıl kütlədən təmizlənmişdir. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Şəbəkələrin bərpası və yenidən qurulmasından başqa, elektrik enerjisinin uçotunun nizama salınması proqramına uyğun olaraq ilkin ödənişli kartlar vasitəsilə elektrik enerjisindən istifadəyə görə müasir ödəmə sistemi də tətbiq edilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin 9 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 406,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 24,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yartanmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq debitor borcların da ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Yeri gəlmişkən, cari ilin sentyabr ayında isə reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilərək 25 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,5 min manat istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin də ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə ümumilkdə 40,5 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 16,3 milyon kilovatsaatdan artıq), o cümlədən cari ilin sentyabr ayında isə 3,9 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 1,8 milyon kilovatsaatdan artıq) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövri ilə müqayisədə cari ilin 9 ayı ərzində ümumi istehlak 5,1 milyon kilovatsaatdan çox (daimi əhali qrupunda isə 1,3 milyon kilovatsaata yaxın) artmışdır. O cümlədən sentyabr ayında isə ümumi istehlak 863 min kilovatsaatdan çox (daimi əhali qrupunda isə 80 min kilovatsaatdan çox) artmışdır. Ötən ilin müvafiq dövri ilə müqayisədə cari ilin 9 ayı ərzində ümumi ödənişdə mütləq artım 13 faiz (daimi əhali qrupunda isə mütləq 8 faizdən çox), o cümlədən sentyabr ayında isə ümumi ödənişdə mütləq artım 8,3 faz (daimi əhali qrupunda isə 7 faizə yaxın) olmuşdur.
Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, TM-lərin ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır.