“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə də (REŞ)  mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Enerjisistemin ana xəttini təşkil edən ötürücü şəbəkə ilə yanaşı, enerji təchizatçılarımız 12 rayonda 266 mindən artıq abonentə xidmət edən paylayıcı şəbəkələrin  də dayanıqlı fəaliy­yətinin təmin olunmasına məsuliyyət da­şıyırlar.

“Mingəçevir REŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki,  istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün xətlərin və paylayıcı şəbəkələrin istismar vəziyyətini yaxşılaşdırmaq məqsədilə bu ilin doqquz ayı ərzində zəruri tədbirlər həyata keçirilib. İllik qrafikə əsasən 500 kV-lik hava veriliş xəttinin (HVX) 3,6 km hissəsində, 330 kV-lik HVX-nin 20,6 km hissəsində, 220 kV-lik HVX-nin 25,5 km hissəsində, 110 kV-lik HVX-nin 20,6 km hissəsində, 10 kV-lik HVX-nin 305 km hissəsində, 0,4 kV-lik HVX-nin 236 km hissəsində əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda 330 kV-lik I «Abşeron» və 500 kV-lik II «Abşeron» hava elektrik verilişi xətlərində dayaqların dayanıqlılığının yüksəldilməsi üçün texniki tədbirlər görüdüb.

Bütün bunlarla yanaşı sözügedən dövrdə 220-110-35-10 kV-lik yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılaraq avadanlıqların texniki-istismar vəziyyəti yaxşılaşdırılıb. Belə ki, 220 kV-lik 6 ədəd, 110 kV-lik 33 ədəd, 35 kV-lik 71 ədəd və 753 ədəd 10/0,4 kV-lik  transformatorlar cari təmir olunub. Qeyd edək ki, təmir işlərinin aparılması  ilə yanaşı yarımstansiya avadanlıqlarının profilaktiki sınaq işləri də həyata keçirilib. 220-110-35-10 kV-lik yarımstansiyalarda 360-a yaxın güc transformatoru, 60-dan artıq gərginlik transformatoru, 40-dan çox cərəyan transformatoru, 240-dan artıq yağ və vakuum açarları, 1180-dan artıq boşaldıcı, 1060-a yaxın girim izolyatoru sinaqdan çıxarılıb. Sınaq nəticəsində aşkar olunmuş qüsurlar aradan qaldırılıb. Xətt yarımstansiyalarda texniki-istismar səviyyəsini yaxşılaşdırmaq üçün qəbul edilmiş tədbirlər planının doqquz aya aid olan bəndləri də yerinə yetirilib.

Yeri gəlmişkən, 2014-cü ilin may ayında gücü 2x180 MVA olan yeni 220/110/10 kV-lik «Ağdaş» yarımstansiyasının istifadəyə verilməsi ilə əlaqədar bir sıra hava xətlərində zəruri işlər həyata keçirilib ki, bu da istismarı xeyli asanlaşdırır və baş verə biləcək qəzaların yeri müəyyən olunmaqla başqa xətdən həmin istiqamətə enerji verilişi davam etdirilir və fasilə yaranmır.

Mənbə onu da bildirdi ki, 110/35/10 kV-lik «Bərdə» yarımstansiyasında 10 kV-lik  yeni qapalı paylayıcı quruluşun tikintisi başa çatdırılıb və avadanlıqların quraşdırılması işləri gedir. Artıq 110/35/10 kV-lik «Naftalan» ya­rım­­stansiyasında yeni  quraşdırılmış 2 saylı 16 MVA transformatorun 35 kV-lik tərəfinin istismara verilməsinə hazırlıq görülür.

Sonda mənbə onu da qeyd etdi ki, bütün görülmüş  işlər, həyata keçirilən tədbirlər xidməti ərazilərdə elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı şəkildə istehlakçılara çatdırılmasına xidmət edir.