TEXNİKİ YENİLƏŞDİRMƏ DAVAM ETDİRİLİR
Elektroenergetika sahəsindəki vüsətli inkişaf sayəsində hazırda ölkəmizdə əhali və iqtisadiyyat daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə tam təmin edilir. Yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsindən sonra enerjinin ötürülməsi və paylaşdırılması sisteminin də yenidən qurulması prosesi uğurla həyata keçirilməkdədir. Səkkiz il bundan əvvəl respublikamızda ilk dəfə Gəncə şəhərində enerji təchizatında texnoloji yeniliyin tətbiqinə – smart-kart tipli sayğacların quraşdırılmasına və SİP kabelinin çəkilişinə başlanıldı. Nəticədə həm enerji təchizatı sisteminin normal fəaliyyəti təmin edilib, həm də istehlak olunmuş enerjinin dəyərinin tam ödənişinə nail olunub .
“Gəncə REŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, bu ilin ötən ayları ərzində xidməti ərazidə yerləşən 110 və 35 kV-lik yarımstansiyalarda, eyni zamanda transformator məntəqələrində əsaslı və carı təmir işləri aparılıb. 110 kV-lik yarımstansiyada 6 ədəd eleqaz açarı və cərəyan transformatoru quraşdırılıb. Bir ədəd 10 MVA gücündə transformator yenisi ilə əvəz edilib. 35 kV-lik yarımstansiyada isə əvəz edilən transformatorun gücü 3,2 MVA olub. 2,7 km uzunluğunda hava elektrik verilişi xətti yeraltı kabel xətti ilə əvəzlənib. 110 və 330 kV-lik EVX-də izolyatorlar və naqillər dəyişdirilib.
Qeyd edək ki, hesabat dövründə 10, 6 və 0,4 kV-lik şəbəkələrdə əsaslı və cari təmir işləri görülüb. Bu müddət ərzində 3250-yə yaxın 1 fazlı, 93 ədəd 3 fazlı yeni sayğac quraşdırılıb. 3320-dən artıq qüsurlu sayğac isə yeniləri ilə əvəz edilib. 4,3 km uzunluğunda yeni SİP və AVVQ tipli kabel quraşdırılıb. 62 ədəd 10-6 kV-lik, 50 ədəd 0,4 kV-lik yeni dayaq quraşdırılıb. 10-6 kV-lik dayaqdan 224 ədədinin, 0,4 kV-lik dayaqdan isə 55 ədədinin yeri dəyişdirilib. Bütün bunlarla yanaşı 38 ədəd müxtəlif gücə malik transformator şəbəkələrin daxili imkanları hesabına təmir olunaraq işə qoşulub.