AQREQATLARA NÖVBƏTİ TEXNİKİ QULLUQ GÖSTƏRİLMİŞDİR

Image

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-yay Turizm Kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şahdağ ES”də cari ilin sentyabr ayında 28,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində isə bu rəqəm 301,5 milyon kilovatsaat təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin 9 ayında digər texniki iqtisadi göstəricilərdə də qənaətbaxş nəticələr əldə olunmuşdur. Mənbə onu da bildirdi ki, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun göstərilır. O cümlədən, cari ilin son üç ayı ərzində dörd aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri görülmüşdür. Eyni zamanda TCA-901 tipli texniki idarəetmə kompressoru təmir edilmişdir. Yarımstansiyada isə 2 və 3 saylı transformatorlarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, texniki qulluq işləri stansiyanın təmir briqadası tərəfindən aparılır. Belə ki, cari ilin son üç ayı  ərzində aqreqatlara növbəti texniki qulluq göstərilmiş, güc transformatorunda müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə köməkçi avadanlıqlarda da cari təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sözügedən dövrdə yanğın təhlükəsizliyi üzrə profilaktiki işlər görülmüş, texniki-müayinə zamanı aşkarlanmış çatışmamazlıqlar aradan qaldırılmışdır. Qrafikə uyğun olaraq yanğın texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir. Xatırladaq ki, ümumi gücü 105 meqavat olan “Şahjdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.