TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
İstehlakçıların elektrik enerjisinə olan tələbatının tam və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə bütün elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik ötürücü xətlərdə qrafikə uyğun təmir işləri aparılır. Elektrik enerjisinin daha da keyfiyyətli paylanması üçün və elektrik verilişi xətlərində texnoloji itkilərin aradan qaldırılması məqsədilə müəssisənin balans mənsubiyyətindəki xətlərdə və transformator məntəqələrində mühüm tədbirlər icra edilməkdədir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Gədəbəy EŞ”in də xidməti ərazisində mövsümə hazırlıq çərçivəsində görülmüş işlər cari ilin son üç ayı ərzində də uğurla davam etdirilmiş və 10 və 6 kV-lik xətlərin müəyyən hissəsi təmir olunmuşdur. Paralel olaraq 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən naqillər və dayaqlar yenilənmiş, sallaq naqillər dartılmış və trassası yaşıl kütlədən təmişlənmişdir. Qeyd edək ki, sözügedən dövrdə bir neçə TM və müxtəlif gücdə transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Ümimiyyətlə, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı daha sərt tədbirlər görülür. Hətta qanunvericiliyə uyğun bəzi istehlakçılar barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir”, – deyən mənbə cari ilin 9 ayı ərzində, o cümlədən, sentyabr ayında keçirilmiş reydlər, itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyəri barəsində də məlumat verdi.
Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərmişdir. 2014-cü ilin sentyabr ayında müəssisə üzrə 3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 202 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 26 faizdən çox artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,2 milyon kilovatsaatdan artıq və 83 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə bir faizə yaxındır.
Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində 27,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 20,7 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,8 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 5 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.