“DAŞKƏSƏN EŞ”: REYDLƏR KEÇİRİLİR
İstehlakçılara göstərilən xidmətın keyfiyyətini daha da yaxşılaşdırmaq və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, “Daşkəsən” elektrik şəbəkəsinin xidməti ərazisində cari ilin 9 ayı ərzində, o cümlədən sentyabr ayında keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğacın uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Mənbə onu da bildirdi ki, 2014-cü ilin sentyabr ayında sözügedən EŞ üzrə ümumilikdə 2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 195 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faiz artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 819 min kilovatsaatdan çox və 236 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizdən çoxdur.
Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində 21 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 7,7 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,5 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 744 min kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur.
Cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumata istinadən onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində olan 10, 6 və 0,4 kV-lik xətlərdə həyata keçirilən təmir işləri zamanı dayaqlar duraşdırılmış və düzləndirilmiş, xəttin müəyyən hissəsi əsaslı təmir olunmuş, sallanmış naqillər dartılmış, trassa yaşıl kütlədən təmizlənmişdir.
Yeri gəlmişkən, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı bir neçə transformator da əsaslı təmir edilərək istifadəyə verilmişdir.
Sonda onu da qeyd edək ki, yaxın gələcəkdə enerjisistemin dayanıqlığının daha da artırılması məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü TM-lər və EVX-lərdə də əsaslı təmir işləri davam etdirilir.