“ASTARA ES”: AQREQATLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, “Astara Elektrik Stansiyasında da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun, vaxtında göstərilmişdir. Məhz onun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 9 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  sözügedən stansiya cari ilin 9 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, hesabat dövründə 169,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, kollektiv cari ilin sentyabr ayında da yaxşı işləmiş və 16,4 milyon kilovatsaat elektrik enerjisi istehsal etmişlər.

“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində beş aqreqatda növbəti istismar həddinə uyğun olaraq texniki qulluq işləri yerinə yetirilmiş, qalan bloklarda isə profilaktiki işlər həyata keçirilmişdir. Eyni zamanda yarımsytansiyada bir ədəd 110 kV-lik eleqaz açarı yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı mövcud hava şəraiti ilə əlaqədar olaraq, stansiyanın ərazisinin sel sularından qorunması üşün ərazidəki drenaj kanalları təmişlənmişdir.

Mənbədən onu da bildirdilər ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğına qarşı təhlükəsizlik tədbirləri daima diqqət mərkəzindədir. Belə ki, müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənir. Eyni zamanda ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmış və digər qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümündə stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq işlər qrafik üzrə davam etdirilir.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.