İKİQAT BAYRAM SEVİNCİ

Image

33 il əvvəl Ümumilli Lider Heydər Əliyevin 1981-ci il oktyabrın 20-də Mingəçevirə gəlişi, ilk enerji  blokunun açılışında iştirakı mingəçevirlilərin yaxşı xatirindədir. Ulu Öndərin xalqımıza bəxş etdiyi saysız-hesabsız əsərlərdən biri olan “Azərbaycan İstilik Elektrik Stansiyası”nın işə salındığı həmin gün indi “Energetiklər Günü” kimi tarixin yaddaşına yazılıb.

Arxada qalan illərə nəzər salanda “Azərbaycan İES”in ölkəmizin iqtisadiyyatında oynadığı rol xüsusilə diqqəti cəlb edir. İşə düşəndən indiyədək burada 279 milyard 300 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Təbii ki, bayram ərəfəsində müəssisəmizin kollektivinin cari ilin 9 ayı ərzində gördüyü nailiy­yətlərə nəzər salmaq yerinə düşərdi.

Bu  ilin doqquz ayında faktiki olaraq, 5 milyard 509 milyon 595 min kilovat-saat elektrik enerjisi istehsal edilib.  Doqquz ay ərzində istismarla yanaşı, stansiyada təmir-tikinti və profilaktik yoxlama işləri də aparılıb, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik,  əməyin mühafizəsi tədbirləri həyata keçirilib. Son beş ayda bunlarla yanaşı 2014/2015-ci ilin payız-qış möv­sümünə hazırlıq işləri də görülüb. Stansiyanın enerji blokları və avadanlıqlarının texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və dayanıqlı işinin təmin olunması məqsədilə bir sıra rejim-sazlama işləri həyata keçirilib, sutəmizləyici qurğusu və yanacaq təsərrüfatı, kompressor və azot-oksigen sahəsi avadan­lıq­ları, yükqaldırıcı kran və  me­xanizmlər təmir və təftiş olunub.

1 nömrəli elektroliz qurğusu əsaslı təmir olunub, 330 kV-lik yarımstansiyada qapalı quruluşların vəziyyəti yoxlanılıb. Hidro­texniki qurğular və yeraltı kommunikasiyalar, drenaj və sel su­ları kanalları saz vəziy­yətə gətirilib. Bununla yanaşı, təmirçilər briqadası inzibati idarə binasında və yanacaq-nəqliyyat sexinin 1 və 2 nömrəli binalarında istehsalat otaqlarını təmir ediblər. Stan­siyanın ərazisində dəmir-beton, hörgü və bəzək işləri də görülüb.

Stansiyada hazırda sutka ərzində dispetçer yük qrafikinə uyğun olaraq 18-20 milyon kVt-saat elektrik enerjisi istehsal edilir.

Respublika elektroenergetikasının flaqmanı həm enerjisistemə sanballı töhfələrini verir, həm də yenilənir, təzələnir və müasirləşir, bayramlara yeni-yeni uğurlarla qədəm qoyur.