ENERGETİKLƏR PEŞƏ BAYRAMINI QEYD EDİRLƏR
Azərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi on ildir 20 oktyabr tarixini peşə bayramı kimi qeyd edirlər. “Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə təsis olunmuş bu əlamətdar bayramı energetiklər böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Bayram tədbiri Fəxri xiyabanda Ulu Öndərin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlandı.
“Energetiklər günü” münasibətilə iştirakçıları təbrik edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev Ümummilli Liderimiz Heydər Əliyevin ölkə elektrik enerjisi sisteminin inkişafı ilə bağlı gördüyü işlər barəsində məlumat verdi. Ulu öndərin təşəbbüsü ilə 1981-ci il oktyabrın 20-də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan DRES-in (Indiki Azərbaycan İES-in) birinci blokunun istismara verilməsi ilə, faktiki olaraq bu günkü müstəqil Azərbaycanın elektrik enerjisi təhlükəsizliyinin əsasının qoyulduğunu vurğuladı.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə enerjisistemin təhlükəsizliyi təmin edilmiş və Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.
Tədbir zamanı 2014/2015-ci tədris ilində 500 və ondan çox bal toplayaraq ADNA-nın “Elektroenergetika mühəndisi” ixtisasına qəbul olunmuş tələbələrlə də görüş keçirildi və onlara hədiyyələr təqdim olundu.
Tədbir “Azərbaycan elektrik enerjisi sisteminin inkişafına” həsr olunmuş filmin nümayişi ilə başa çatdırıldı.
Tədbirdən sonra tələbələrin “Sumqayıt” ES-ə səfəri təşkil olundu.