“BAKI İEM”: ƏSASLI TƏMİR İŞLƏRİ APARILIR
Digər enerji obyektlərində olduğu kimi “Bakı İstilik Elektrik Mərkəzi”ndə (İEM) də mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada dispetçer qrafikinə uyğun olaraq cari ilin sentyabr ayında 48,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Mənbəyə istinadən qeyd edək ki, cari ilin 9 ayı ərzində bu rəqəm 479,2 milyon kilovatsaat təşkil etmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sozügedən dövrdə digər texniki-iqtisadi göstəricilər üzrə də yüksək nəticələrə nail olunmuşdur.
“Mövsümə hazırlıq tədbirləri davam etdirilir”, – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir-tikinti işləri barəsində onu bildirdi ki, 2 saylı Qaz-Turbin Qurğusunda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş (QTQ), o cümlədən, deaeratorda buxar xətti və 1 saylı QTQ-də 20-yə yaxın əks klapan təmir edilmişdir. Eyni zamanda stansiyanın iş rejimində istismar edilən müxtəlif təyinatlı nasoslar və digər köməkçi avadanlıqlar da təmir edilmişdir. Bundan əlavə pik boylerində müxtəlif təyinatlı təmir işləri aparılmış və təzyiq altında yoxlanılmışdır. Yeri gəlmişkən, sözügedən dövrdə müvafiq təmir işləri kimya sexində, dəniz su xəttində, hava kompressorlarında və digər köməkçi sahələrin avadanlıqlarında da həyata keçirilmişdir.
Onu da qeyd edək ki, 110 kV-lik yarımstansiyada da təmir işləri həyata keçirilmişdir. Belə ki, 6 saylı transformatordan 35 kV-lik qapalı paylayıcı qurğusuna kimi olan hava xəttinin müəyyən hissəsi kabellə əvəz edilmiş, xüsusi sərfiyyat transformatoru təmir olunmuşdur. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir. Bura istehsalat sahəsində görülən təmir və abadlıq işləri ilə paralel olaraq müəssisənin inzibati binasında, həmçinin ayrı-ayrı xidmətlərin normal fəaliyyət göstərmələri üçün yaradılmış şəraiti də əlavə etmək mümkündür.
Onu da qeyd etmək yerinə düşərdi ki, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Sonda onu da qeyd edək ki, burada mövsümə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.
Xatırladaq ki, “Bakı İEM”də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir.