“ŞİRVAN REŞ”DƏ DƏ TƏMİR KAMPANİYASI DAVAM EDİR
Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Kürdəmir, Saatlı, İmişli, Sabirabad və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində və yarımstansiyalarında cari ilin son üç ayı ərzində görülmüş təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, adları çəkilən rayon və qəsəbələrdəki istehlakçıların davamlı elektrik enerjisi ilə təminatı “Şirvan REŞ”in kollektivinin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə də sözügedən dövrdə 330 kV-lik 3-cü “Şirvan” və 3-cü İmişli hava elektrik verilişi xətlərinin (HEVX) ümumilikdə 3 kilometri əsaslı təmir edilmiş, 210-a yaxın izolyator və üç xətt armaturu yenisi ilə əvəz edilmiş, həmçinin üç ədəd rasporka quraşdırılmışdır. Eyni zamanda sözügedən dövrdə 220 kV-lik 3-cü Masallı HEVX-nin 3 km-i əsaslı təmir edilmiş, 210 izolyator yenisi ilə əvəzlənmişdir. Ümumilikdə isə hesabat dövründə 220 kV-lik HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işlər zamanı bu xətlərin 3,5 kilometri əsaslı təmir olunmuş, 230-dan artıq izolyator yenisi ilə əvəzlənmiş və üç xətt armaturu quraşdırılmışdır.
Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik EVX-lərdə də aparılmış və burada sözügedən dövr ərzində 31 kilometrə yaxın xətt əsaslı təmir edilmiş, 1550-dən artıq izolyator və 35-dən çox xətt armaturu yenisi ilə əvəz edilmişdir. 35 kV-lik EVX-lərin isə 18 km-ə yaxın hissəsi əsaslı təmir olunmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalardan da yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 330 kV-lik “İmişli” yarımstansiyasında 230 kV-lik “Parsabad” HX-nin eleqaz açarı (EA), 110 kV-lik 1-ci “Ağcabədi”, “Xalac”, 1-ci “İmişli” HX-lərinin EA açarları, 1 saylı 25 MVA transformator və digər elektrik avadanlıqları da təmir olunmuşdur. Mənbəyə istinadən onu da qeyd edək ki, 220 kV-lik “Salyan” yarımstansiyasında 1 və 2 saylı 125 MVA avtotransformatorların idarəetmə, rele mühafizəsi və avtomatika panellərində sınaq yoxlama işləri aparılmış və avtotransformatorlar paralel sxemaya qoşulmuşdur. Eyni zamanda 110 kV-lik “Cənub” yarımstansiyasında 40 MVA transformator yenisi ilə əvəz edilmişdir. Ümumilikdə isə sözügedən dövrdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri qrafikinə 220 kV-lik “Masallı”, 110 kV-lik “Cəlilabad”, “Neftçala”, “Ələt”, “Kürdəmir” və digər bir neçə yarımstansiyada daxildir.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin balans mənsubiyyətinə aid olan 35-kV-lik “Ərçivan”, “Xıl”, “Carlı”, “Səmədabad” və digər yarımstansiyalarda isə müxtəlif güclü transformatorlar və yağ açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir.
Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbə onu da qeyd etdi , xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Digər işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.