TƏDBİRLƏR PLANI UĞURLA İCRA OLUNUR
Payız-qış mövsümündə enerji sisteminin dayanıqlı işləməsinin təmin edilməsi, yarımstansiyalarda avadanlıqların təhlükəsiz və dayanıqlı istismarı ən mühüm vəzifələrdəndir. “Quba Elektrik Şəbəkəsi”nin kollektivi rayonun enerji təchizatını daha da yaxşılaşırmaq və texnoloji itkiləri azaltmaq məqsədilə energetika təsərrüfatında icrası nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirməyə çalışırlar.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında da sözügedən müəssisənin xidməti ərazisində texnoloji itkilərin azaldılması məqsədilə balans mənsubiyyətinə aid transformator və kompleks transformator məntəqələrində (TM və KTM) yükə uyğun transformatorlar yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və xeyli sayda transformator isə təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə təmir işləri 10, 6 və 0,4 kV-lik xətlərdə də aparılmışdır. Nəticədə həmin bu xətlərin müəyyən hissəsi dəyişdirilmiş və təmir olunmuşdur. Eyni zamanda xeyli sayda dayaq yenisi ilə əvəzlənmiş və izolyatorlar da dəyişdirilmişdir. Eyni zamanda xətlərin trassasında budama işlərinin aparılması, naqılin dartılması, dayağın düzləndirilməsi də görülən işlərin sırasındadır.
Yeri gəlmişkən, görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir. Onu da qeyd etmək yerinə düşərdi ki, başlanan tədbirlərin növbəti rüblərdə də davam etdirilməsi nəzərdə tutulur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, “Quba” EŞ üzrə cari ilin avqust ayında 11,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 787 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 6,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 576 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 19 faizə yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində isə 91,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 7 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 48,8 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 895 min kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olmuşdur.
Sonda onu da qeyd edək ki, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yarımstansiyada kabel kanalları kipləndirilmiş, yağ tutumlu avadanlıqlarda sızmalar aradan qaldırılmış, açıq paylayıcı quruluş (APQ) və hava xəttinin əkin sahələrindəki dayaqların dibi otlardan təmizlənmişdir.