TEXNİKİ TƏDBİRLƏR DAVAM EDİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında “Qusar Elektrik Şəbəkəsi”nin xidməti ərazisində olan yarımstansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda şəhər mərkəzinin və kəndlərin elektrik enerjisi ilə təmin edən EVX-lər müasir standartlara uyğun şəkildə qurulmuş, yeni dayaqlar basdırılmışdır. Qeyd edək ki, şəbəkənin kollektivi görülən işlərlə arxayınlaşmır, nəzərdə tutulan tədbirləri ardıcıllıqla həyata keçirir.
“Bütün bu sadalanan tədbirlər onu deməyə imkan verir ki, müəssisənin xidməti ərazisində cari mövsümə uyğun olaraq istehlakçıların elektrik enerjisinə olan tələbatı lazımi səviyyədə ödəniləcək” - deyən mənbə, kommersiya itkilərinin qarşısının alınması istiqamətində həyata keçirilən reydlər barəsində də məlumat verdi və bildirdi ki, cari ilin avqust ayında keçirilmiş reydlər zamanı bəzi istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən qisminin ödənişi təmin edilmişdir. Qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, Qusar EŞ-in xidməti ərazisində cari ilin avqust ayında ümumilikdə 5,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 238 min kilovatsaata yaxın azalaraq 2,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 11 faizə yaxın artmışıdr.