ƏSAS MƏQSƏD ŞƏBƏKƏNİN YENİLƏŞDİRİLMƏSİDİR

Image

İstehlakçıların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq üçün ilin əvvəlindən başlayaraq “Qax Elektrik Şəbəkəsi”ndə də bir sıra işlər görülüb. Şəbəkə tərəfindən xidmət göstərilən abonentlərin ümumi sayı 14,4 mindən çoxdur. Bunun da 13 mindən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumatda sözügedən EŞ-də ümumilikdə görülən işlərin  genişmiqyaslı olması diqqəti cəlb edir. İşlər əsasən paylayıcı hava xətlərində həyata keçirilib. Belə ki, həmin xətlərdə naqillər və dayaqlar yenisi ilə əvəz olunub, naqillər dartılıb. Eyni zamanda rayon mərkəzinin bir sıra küçələrində və həmçinin kəndlərdə 0,4 kV-lik elektrik verilişi xətti üzrə cari və əsaslı təmir işləri aparılıb. Bütövlükdə həmin yaşayış yerlərində olan 0,4 kV-lik EVX-də naqillər dartılıb, dayaqlar düzəldilib. 0,4 kV-lik EVX-də istismar üçün daha münasib naqil və izolyatorların quraşdırılması təmin edilib. Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə EŞ-in balans mənsubiyyətinə aid olan transformator məntəqələrində təmir işləri aparılıb.

“Başqa şəbəkələr kimi, burada yaşanan əsas problemlərdən biri, hələ də bəzi istehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə kimi pis bir vərdişdən kənarlaşa bilməmələridir”, – deyən mənbə onu da bildirdi ki, bu cür hallarla əlaqədar keçirilmiş reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı sərt tədbirlər görülür.

“Ümumiyyətlə, sözügedən müəssisənin də elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.  Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin avqust ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 251 min kilovatsaat artaraq 3,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 9 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 167 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 9 faizdən çox artmışdır. Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 25 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak bir milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 5 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 374 min kilovatsaat azalaraq 14,2 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.