ENERJİ TƏCHİZATI QAYDASINDADIR
“Zaqatala Elektrik Şəbəkəsi”ndə (EŞ) həyata keçirilən məqsədyönlü tədbirlər rayonun elektrik enerjisinə olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan verir. Bu barədə aldığımız məlumata görə, sözügedən EŞ-in xidməti ərazisində olan istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Zaqatalada elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri (TM) və yarımstansiyalarda təmir işləri yerinə yetirilib. Təmir işləri zamanı dayaqlar yenisi ilə əvəz olunub, izolyatorlar dəyişdirilib, dayaqlar düzəldilib, boş məftillər çəkilib və s. Eyni zamanda yarımstansiyaların əraziləri yanar materiallardan, alaq otlarından təmizlənib. Yüksəkgərginlikli xətlərin dayaqlarının dibi bərkidilib. Qeyd edək ki, son aylarda şəbəkənin balansında olan TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində 7,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 576 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 5 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 672 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 7 faizdən çox olmuşdur. Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 53,5 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,1 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 milyon kilovatsaata yaxın artaraq 35,2 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur.