“ŞƏKİ EŞ”: TEXNİKİ TƏDBİRLƏR GÖRÜLÜR
Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına, sayğac uçot komplektinə nəzarətin gücləndirilməsinə, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələrinə, onlarla aparılan təbliğata baxmayaraq, sayğac sxeminə müdaxilə edən istehlakçılar var. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Şəki” EŞ-in xidməti ərazisində cari ildə keçirilmiş reydlər zamanı istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm də istehlakın dəqiqləşdirilməsində, ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir”, – deyən mənbə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan şəbəkələrdə həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi. Mənbəyə istinadən qeyd edək ki, 10 və 0,4 kV-lik xətlərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı xətt və dayaqlar yenisi ilə əvəzlənmişdir. Eyni zamanda müxtəlif gücdə olan transformatorlar təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, sözügedən EŞ-in xidməti ərazisində cari ilin 8 ayı ərzində ümumilikdə 90,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 4,3 milyon kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 47,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 3,3 milyon kilovatsaata yaxın artmışdır. Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən istehlakçı qrupu üzrə ödənişdə mütləq artım 2 faizdən artıq olmuşdur.
Qeyd edək ki, cari ilin avqust ayında isə burada ümumilikdə 11,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 886 min kilovatsaat artaraq 5,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 4 faiz artmışdır.