“KÜRDƏMİR EŞ”: PAYLAYICI ŞƏBƏKƏ YENİDƏN QURULUR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Kürdəmir” EŞ-də də istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olmuşdur. Bu məqsədlə rayonun elektrik təsürrüfatında yenidənqurma və mühüm təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda bir neçə dayaq və travers dəyişdirilmiş, xəttin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmişdir. Qeyd edək ki, təmir işləri EŞ-in xidməti ərazisində olan transformator məntətəqələrindən də yan keçməmişdir. Belə ki, sözügedən müəssisə üzrə həmin bu dövrdə müxtəlif təyinatlı təmir işləri aparılmış və müxtəlif gücdə transformatorlar əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Şəbəkənin xidmət göstərdiyi ərazilərdə son vaxtlar texniki istismar səviyyəsinin yüksəldilməsi, rayon əhalisi arasında aparılan məqsədyönlü tədbirlər, eləcə də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı qətiyyətli addımların atılması öz müsbət nəticəsini verməkdədir”, – deyən mənbə onu da vurğuladı ki, burada cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Yeri gəlmişkən, mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, yenə də elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin avqust ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 2,1 milyon kilovatsaatdan çox artaraq 11,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 32 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 403 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. Sonda onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə ümumilikdə 92,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,3 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 12 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 milyon kilovatsaata yaxın azalaraq 31,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizdən çox olmuşdur.