ENERJİ TƏCHİZATI DAHA DA YAXŞILAŞDIRILIR
Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bölgələrdə yeni istehsal sahələri, yeni iş yerləri açılır. Bunun da nəticəsində vaxtilə iş ardınca başqa yerlərə gedən vətəndaşlar geri - öz evlərinə qayıdırlar. Nəticədə yeni evlər tikilir, yeni ailələr qurulur və eyni zamanda, istehlakçıların sayı da artır.
İmişli rayonu da respublikamızın sürətlə inkişaf edən bölgələrindəndir. Burada yeni istehlakçıların meydana çıxması nəticəsində abonentlərin sayı getdikcə artır, rayonun elektrik enerjisi təsərrüfatında həyata keçirilən yenidənqurma işlərinin miqyası genişlənir. Eyni zamanda istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 KV-lik EVX-lərdə və TM-lərdə carı ilin son üç ayı ərzində həyata keçirilən təmir işləri zamanı xətt və transformator təmir edilmiş, TM-lərdə qrafikə uyğun müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və xeyli sayda dayaq yenisi ilə əvəzlənmişdir.
“Rayonun enerji təchizatının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Əsas məqsəd soyuq qış aylarında istehlakçıları daha keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir”, – deyən mənbə onu da bildirdi ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisə üzrə cari ilin avqust ayında ümumilikdə 17,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2 milyon kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 20 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 6,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,2 mln. kilovatsaata yaxın artmış, eyni zamanda ödənişdə mütləq artım isə 39 faizə yaxın olmuşdur. Yeri gəlmişkən, cari ilin 8 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 milyon kilovatsaatdan çox artaraq 144 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 45 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,6 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 11 faizdən artıq olmuşdur.