TƏDBİRLƏR DAVAM EDİR
Bütün enerji müəssisələrinin xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində “Masallı” elektrik şəbəkəsinin (EŞ) balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə yenidənqurma işləri həyata keçirilmiş, eyni zamanda 10 və 0,4 kV-lik EVX-da əsaslı təmir işləri aparılmışdır. Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücdə bir neçə transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Müəssisənin xidməti ərazisində əməkdaşlar tərəfindən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki, cari ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin avqust ayında “Masallı” EŞ-in xidmət ərazisində 12 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,4 milyon kilovatsaatdan çox artmışdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 18 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyon kilovatsaatdan çox artaraq 8,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənidə mütləq artım isə 23 faizə yaxındır. Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 89,1 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 10,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 9 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 7,3 milyon kilovatsaatdan çox artaraq 65,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 9 faiz olmuşdur.