“ŞƏKİ ES”: HAZIRLIQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Image

Son illər enerjisistemdə həyata keçirilən nəhəng layihələr ölkənin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş “Şəki Elektrik Stansiyası” şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edir, sosial-iqtisadi inkişafa təkan verir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada dispetçer qrafikinə uyğun olaraq cari ilin avqust ayında 22,6  milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə 178,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində stansiyanın kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir. Məhz onun nəticəsidir ki, cari ildə də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır”, – deyən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində aqreqatların silindirlərində təmir-təftiş işləri aparılmış, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır.

Onu da qeyd edək ki, “Şəki” elektrik stansiyasında aqreqatların dayanıqlı işi ilə əlaqədar, istismar təlimatına əsasən növbəti, istismar həddinə uyğun texniki qulluq yerinə yetirilmiş, lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. Eyni zamanda 110 kilovoltluq açıq paylayıcı quruluşda (APQ) avadanlıqların daha da keyfiyyətli istismarının təşkil olunması, payız-qış mövsümünə hazırlıq məqsədilə cari təmir və sınaq işləri həyata keçirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyaya əlavə 2,5 kilometr məsafədən su xəttinin çəkilməsi planlaşdırılır.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Şəki” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.