“UCAR EŞ”: TƏMİR İŞLƏRİ APARILIB
Payızın nəfəsi duyulmaqdadır. Yayın yandırıcı istilərindən «azad» olan energetiklərimiz gördükləri işin hesabatını aparır, görüləcək işlərin siyahısını tutur, payız-qış mövsümünə hazırlıqlarını yekunlaşdırırlar. İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin yüksək həddə çatdırılması qarşımızda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə də digər energetika müəssisələrində olduğu kimi, “Ucar Elektrik Şəbəkəsi”nin də (EŞ) balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilən yenidənqurma və təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisindən səmərəli istifadəyə ciddi nəzarət edilir. Payız-qış mövsümü üçün tərtib edilmiş tədbirlər planı həyata keçirilir, avadanlıqların istismar səviyyəsi yaxşılaşdırılır. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.
“İtkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, sözügedən müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar vaxtında aşkar edilir və onlara qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, müəssisə üzrə cari ilin avqust ayında ümumilikdə 6,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 851 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 21 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 296 min kilovatsaat, ödəniş isə mütləq 8 faizə yaxın artmışdır.
Yeri gəlmişkən, cari ilin 8 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 milyon kilovatsaata yaxın artaraq 50 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 21,2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 781 min kilovatsaata yaxın artmışdır.
Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.