İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLDİLİR
Energetika sahəsində son illər əldə edilmiş yüksək nailiyyətlər iqtisadiyyatımızın bütün sahələrinin inkişafına və istehlakçıların daha da keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına yönəldilib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında icrası nəzərdə tutulan tədbirlər Tərtərdə də uğurla həyata keçirilir. Proqram çərçivəsində paylayıcı şəbəkələr yenidən qurulur. Bu vəzifənin uğurla yerinə yetirilməsində Mingəçevir REŞ-in kollektivi də fəal iştirak edir.
Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılmışdır. İstehlakçılar arasında aparılan təbliğat işləri sayəsində elektrik enerjisindən təyinatı üzrə istifadəyə daha çox üstünlük vermələri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində mütləq artım qeydə alınmışdır.
Mənbəyə istinadən qeyd edək ki, “Tərtər Elektrik Şəbəkəsi”nin kollektivi son iki ayda payız-qış mövsümünə hazırlıqla əlaqədar qurğu və avadanlıqların istismar keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətində zəruri tədbirlər həyata keçirib. Şəbəkədən aldığımız məlumata görə, müəssisənin balansında olan yüksək gərginlikli xətt və avadanlıqlarda, o cümlədən 10, 6 və 0,4 kV-lik avadanlıq və xətlərdə əsaslı və cari təmir işləri həyata keçirilib. 110 kV-lik transformator, 110 kV-lik yağ açarı, 6-10 kV-lik vakuum açarı cari təmir olunub. Bununla yanaşı, 11 ədəd 10 kV-lik, 4 ədəd isə 35 kV-lik yağ açarı cari təmirdən çıxarılıb. 10 kV-lik elektrik verilişi xəttində 10,2 kilometr məsafədə əsaslı və cari təmir işi görülüb. Buna paralel olaraq 0,4 kV-lik elektrik veriliş xətlərində isə 11,7 kilometr məsafədə əsaslı və cari təmir işləri aparılıb. 40-dan artıq sayğac yeni abonentlərin ünvanında quraşdırılıb, 50-yə yaxın qüsurlu sayğac isə dəyişdirilib. 10/0,4 kV-lik transformator məntəqəsinin 8-də əsaslı və cari təmir işi görülüb.