YEVLAX EŞ: İŞLƏR DAVAM ETDİRİLİR

Image

Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların daha keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə olduğu kimi  “Yevlax” elektrik şəbəkəsində də geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik elektrik verilişi xətlərində (EVX) əsaslı təmir işləri görülmüş, xeyli sayda dayaq yenisi ilə əvəzlənmiş və müəyyən məsafədə naqilin qabariti normallaşdırılmışdır. Bunlarla yanaşı,  həmin bu xətlərə baxış keçirilmiş və xətin trassasında ağacların budanması işləri aparılmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, yuxarıda qeyd edilənlərdən əlavə müəssisə üzrə 0,4 kV-luq HX-də ağac dayaq dəmir beton dayaqla əvəzlənmiş və  xətt təmir edilmiş, kəndlərdə isə xətlər yaşıl kütlədən təmişlənmiş, dayaqlar düzləndirilmiş və məftillərin yerlə qabariti normallaşdırılmışdır. Yeri gəlmişkən, burada transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və eyni zamanda transformator təmir edilərək istifadəyə verilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin 8 ayında müəssisəni xidməti ərazisində keçirilmiş reydlər zamanı ən çox məişət abonenti (əhali) istehlakçılar qrupunda elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş, müvafiq qaydada aktlar tərtib edilərək  itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Müəssisədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlarından təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin avqust ayında sözügedən müəssisə üzrə istehlak 13,8 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,2 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 19 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,2 milyon kilovatsaata yaxın artaraq 5,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 34 faizə yaxın olmuşdur. Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində Yevlax EŞ-in xidməti ərazisində 96,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 7,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon kilovatsaata yaxın artaraq 35,1 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 14 faizə yaxın olmuşdur.