TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Ölkəmizin sosial-iqtisadi tərəqqisini xarakterizə edən əsas amillərdən biri bölgələrin davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanda regional inkişafın təməlini qoymuş, bölgələrdə iqtisadi fəallığı canlandırmışdır. Ümumilikdə, ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin davamlı və tarazlı inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, elektrik enerji sisteminin davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm layihələr respublikanın digər regionları kimi Şirvanda da uğurla həyata keçirilir. Belə uğurlardan biri də ötən il istismara verilmiş, ümumi gücü 780 meqavat gücündə “Cənub Elektrik Stansiyası”dır.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında sözügedən stansiyada 345,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə bu rəqəm 2 milyard 923,3 milyon kilovatsaata yaxın təşkil etmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində stansiyanın elektrik avadanlıqlarına baxışlar keçirilmiş, eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparılmışdır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğına qarşı əks-qəza məşqi də keçirilmişdir.
Xatırladaq ki, bu stansiya ötən ilin iyul ayının əvvəlində istismara verilib. Enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilmişdir. “Cənub” elektrik stansiyasının Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.