ŞƏBƏKƏLƏRİN YENİLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin daha da yüksəldilməsini, o cümlədən elektrik enerjisinin daha dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında “Tovuz Elektrik Şəbəkəsi”nin balans mənsubiyyətinə aid olan hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı qabaritin qaldırılması, dayaqların düzləndirilməsi, xətlərin trassasının yaşıl kütlədən təmizlənməsi və s. kimi işlər də həyata keçirilmişdir ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha da artmasına səbəb olmuşdur. Mənbəyə istinadən qeyd edək ki, sözegedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator məhtəqələrində (TM) də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“İtkilərin azaldılması, o cümlədən kommersiya itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də saygac üçot komplektinin sərhəd xəttində, baxış üçün maneəsiz yerdə və xüsusi qutularda quraşdırılmasıdır. Bu istiqamətdə işlər cari ilin son üç ayında da davam etdirilmişdir”, – deyən mənbə keçirilmiş reydlər barəsində də məlumat verdi və bildirdi ki, sayğac sxeminə müdaxilə edən istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı tədbirlər görülür.
“İstehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin avqust ayında “Tovuz” EŞ-in xidməti ərazisində 12,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 965 min kilovatsaata yaxın artmışdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 17 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 min kilovatsaatdan çox azalaraq 4,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 2 faiz olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 93,1 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 7,7 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,9 milyon kilovatsaatdan çox artaraq 37,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.