ŞƏMKİRDƏ DƏ YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Məlum olduğu kimi, "Azərenerji" ASC-nin paylayıcı elektrik şəbəkələrinin balansında olan texniki vasitələrin istismar səviyyəsinin daha da yüksəldilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər planına Şəmkir rayonunun da transformator məntəqələri və elektrik verilişi xətləri daxıldır. Digər müəssisələrdə olduğu kimi, burada da həyata keçirilmiş məqsədyönlü tədbir nəticəsində ifrat yüklənmələr aradan qaldırılmış, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının səviyyəsi daha da yaxşılaşmışdır. Lakin bütün məqsədyönlü tədbirlərə baxmayaraq sözügedən müəssisənin xidməti ərazisində ödənişdən yayınan, eyni zamanda sərfiyyatını süni şəkildə azaltmaq məqsədi ilə sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var və onlara qarşı tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər bölgələrdə olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilməkdədir. Belə ki, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan 10, 6 və 0,4 kV-lik EVX-lərdə yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda dayaqlar dəyişdirilmişdir.
Mənbəyə isrinadən qeyd edək ki, tədbirlər planına uyğun olaraq həmin bu dövr ərzində “Şəmkir” EŞ-in balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücdə transformatorlar da təmir edilərək istifadəyə verilmişdir. Onu da bildirək ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində hazırlanmış tədbirlər planında nəzərdə tutulan digər işlər davam etdirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı sayğac uçot komplektində pozuntu faktı aşkar edilmiş istehlakçılar barəsində müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmiş və hesabat dövründə həmin bu məbləğin ödənişi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Cari ilin avqust ayında sözügedən EŞ üzrə 35,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 5,1 milyon kilovatsaata yaxın çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 894 min kilovatsaata yaxın artaraq 7 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 10 faizə yaxın olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 milyon kilovatsaatdan çox artaraq 226,9 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 milyon kilovatsaata yaxın artaraq 72,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.