AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Image

Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən olan, generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası” (ES) dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında “Səngəçal” ES-də 101,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə burada istehsal edilən elektrik enerjisinin həcmi 343,4 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

“Digər enerji müəssisələrində olduğu kimi burada da mövsümü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, elektrik stansiyasında bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Yüxarıda qeyd edilən dövrdə stansiyada istismar edilən aqreqatlarda növbəti istismar həddinə uyğun olaraq onlara texniki baxış keçirilmişdir. İstismar prosesində meydana çıxan qüsurlar operativ şəkildə aradan qaldırılmış və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılmışdır. Aqreqatlarla yanaşı köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir.

Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.

Xatırladaq ki, ümumi gücü 300 MVt olan “Səngəçal Elektrik Stansiya”sı 18 aqreqatdan ibarətdir.