ŞƏBƏKƏLƏRİN DAYANIQLIĞI DAHA DA MÖHKƏMLƏNDİRİLİR
İstehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının vaxtında alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Hazırda digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, “Gəncə Elektrik Şəbəkəsi”nin (EŞ) balans mənsubiyyətinə aid elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində yenidənqurma və təmir-tikinti işləri həyata keçirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət daha da yüksəlmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən EŞ-in xidməti ərazidə olan transformator məntəqələrində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı müxtəlif gücdə olan bir neçə transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlərin isə müəyyən hissəsi yenidən qurulmuş və eyni zamanda təmir olunmuşdur. Qeyd edək ki, yenidənqurma işləri çərçivəsində sözügedən dövrdə müəssisənin xidməti ərazisində SİP kabel xətti çəkilmiş və sayğac quraşdırılmışdır.
Mənbə onu da bildirdi ki, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, müəssisənin xidməti ərazisində mütəmadi reydlər keçirilir və elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı müvafiq tədbirlər görülür.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin avqust ayında “Gəncə” EŞ-in xidməti ərazisində 100,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,8 milyon kilovatsaatdan çox artmışdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyon kilovatsaatdan çox artaraq 13 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənidə mütləq artım isə 28 faizdən çoxdur.
Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 788,6 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 10 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 10,1 milyon kilovatsaatdan çox artaraq 100,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur.