TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

Respublikamızın enerji nəhəngi sayılan, istehsal edilən elektrik enerjisinin 40 faizinə yaxınını istehsal edən  “Azərbaycan İstilik Elektrik Stansiyası”nda (İES) həmişə olduğu kimi cari ildə də enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozları yerinə yetirilmişdir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin avqust ayında sözügedən stansiyada 790 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Həmişə olduğu kimi, cari ildə də stansiyanın əməkdaşlarının əzmkarlıqla çalışdıqlarını vurğulayan mənbə bildirdi ki, 2014-cü ilin 8 ayı ərzində burada 4 milyard 868,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Cari ildə nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən  mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində 5 saylı enerji blokunda yenidənqurma işləri başa çatdırılmış və enerjibloku işə qoşulmuşdur. Bir enerji bloku isə əsaslı təmirə çıxarılmışdır. Digər enerji blokları isə təftiş edilmiş və aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır.

Sonda onu da qeyd edək ki, burada yanğına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmış və ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.  Eyni zamanda yanğına qarşı əks-qəza məşqləri keçirilir.  Xatırladaq ki, elektrik stansiyası səkkiz enerji blokundan ibarətdir.