GÖYÇAY EŞ: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ildə də “Göyçay” EŞ-in xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı sayğac uçot komplektində qüsur aşkar edilmiş istehlakçılarla bağlı müvafiq qaydada aktlar tərtib edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.
Mənbədən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik EVX-lərdə və TM-lərdə həyata keçirilən təmir işləri zamanı carı ilin son üç ayı ərzində xətt və transformator təmir edilmiş, TM-lərdə qrafikə uyğun müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və xeyli sayda dayaq yenisi ilə əvəzlənmişdir.
Onu da qeyd edək ki, müəssisə üzrə cari ilin iyul ayında ümumilikdə 7,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 931 min kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 4,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 508 min kilovatsaatdan çox artmış, eyni zamanda ödənişdə mütləq artım qeydə alınmışdır.
Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon kilovatsaatdan çox artaraq 53.1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 33,2 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,9 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 5 faiz olmuşdur.