İSTİSMAR YAXŞILAŞDIRILIR, QAYDA POZUCULARI CƏZALANDIRILIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Oğuz” EŞ-in xidmət ərazisində də müəssisənin əməkdaşları tərəfindən istehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir və aşkar edilmiş qayda pozuntularına görə müvafiq tədbirlər görülür. Ümumiyyətlə, burada elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.
Mənbəyə istinadən qeyd edək ki, şəbəkə üzrə istismarın səviyyəsinin daha da yaxşılaşdırılması məsələsinə diqqət artırılmaqdadır. Belə ki, son dövrlər ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX) və transformator məntəqələrində (TM) həyata keçirilmiş təmir işləri çərçivəsində ərazi üzrə yeni 0,4 kV-lik hava xətti çəkilib, 10, 6 və 0,4 kV-lik xətlərin müəyyən hissəsində təmir işləri aparılıb. Qeyd edək ki, təmir kampaniyası qrafikinə uyğun olaraq, sözügedən dövrdə müəssisənin xidməti ərazisində balans mənsubiyyətinə aid transformatror məntəqələrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, həm enerji haqlarının ödənilməsində, həm də enerjidən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə cari ilin 7 ayı ərzində, o cümlədən iyul ayında istehlak edilmiş elektrik enerjisi və ödənişi barəsində də danışdı. Belə ki, müəssisə üzrə cari ilin iyul ayında ümumilikdə 6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 244 min kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 972 min kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 106 min kilovatsaat artmış, ödənişdə isə mütləq artım qeydə alınmışdır.
Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 360 min kilovatsaat azalaraq 39,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 7,6 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 869 min kilobatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, şəbəkədə istehlak olunan elektrik enerjisinin ödənişinin artırılması, enerjidən qeyri-qanuni istifadə və digər bu kimi neqativ halların aradan qaldırılması məqsədilə maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Ümid olunur ki, yaxın gələcəkdə şəbəkədə müasir texnologiyaların tətbiqi genişləndirildikcə qeyd olunan arzuolunmaz hallar da tədricən aradan qalxmış olacaq.