“İSMAYILLI EŞ”: ŞƏBƏKƏ MÖVSÜMƏ HAZIRDIR
Ənənəvi xarakter alan təmir-bərpa və yenidənqurma işləri ölkənin bütün enerji obyektlərində uğurla yerinə yetirilir. Mövsümə hazırlıq çərçivəsində icra edilən bu tədbirlər İsmayıllı şəhərinin, eyni zamanda rayonun kəndlərindən də yan keçməyib.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər sözügedən rayonun elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artırılmasına səbəb olmuşdur. O cümlədən, cari ilin son üç ayı ərzində mövsümə hazırlıqla əlaqədar yenidənqurma və təmir-quraşdırma işləri həyata keçirilmişdir. Mənbəyə istinadən onu da qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan TM və KTM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, şəbəkənin xidməti ərazisində 10, 6 və 0,4 kV-lik HEVX-lərinin müəyyən hissəsində naqillər dəyişdirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin 7 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin tamamilə ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin iyul ayında müəssisənin xidmət ərazisində 4,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 400 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 9 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,6 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 334 min kilovatsaat artmış, ödənişdə mütləq artım isə 5 faizdən çox olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 1,9 milyon kilovatsaata yaxın artaraq 29,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 16,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 736 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır.
Sonda mənbə onu da bildirdi ki, həyata keçirilmiş bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.