TƏMİR İŞLƏRİ APARILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistemtəşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi hava xətlərində (EVHX) cari ilin son üç ayı ərzində metal dayaqlarda qaynaqdan qopmuş hissəslər qaynaq olunaraq bərpa edilmiş, 1,5 kilometrə yaxın müxtəlif markalı naqil və 530-dan artıq izolyator yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, həmin bu dövr ərzində hava xətlərinin trassası ağaclardan təmizlənmiş və işlər mütəmadi olaraq davam etdirilir.

Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, sözügedən dövrdə 500 kV-lik “Muxraniz-Vəli”, 330 kV-lik I “Mingəçevir”, I “Alüminiumzavod”, IV “Mingəçevir” hava xətlərinin eleqaz açarları və avadanlıqları təmir edilmişdir. Eyni zamanda hər birinin gücü 250 MVA olan 3 və 4 saylı avtotransformatorların, 110 kV-lik I “Şəmkir”, I, II, V və VI “Gəncə”, I-II “Yenikənd” hava xətlərində eleqaz açar və cərəyan transformatorların təmiri də görülmüş işlərin siyahısındadır.

Qeyd edək ki, hesabat dövründə 35 kV-lik “Üzgüçülük”, “Sadıllı” və digər yarımstansiyalarda müxtəlif gücdə transformatorlar və onların avadanlıqları təmir edilmişdir.  Paralel olaraq bu yarımstansiyaların digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 35 və 110 kV-lik yarımstansiyalarda ümumi gücü 104 MVA-ya yaxın olan 10 transformator və onun avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq sistem təşkiledici 110-500 kV-lik yarımstansiya və EVX-lərə növbədənkənar baxışlar keçirilir, ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir.

Sonda onu da qeyd edək ki, Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy EŞ-lərin xidməti ərazilərində yerləşən 10, 6 və 0,4 kV-lik şəbəkələrdə də cari ilin son üç ayı ərazisində böyük həcmdə yenidənqurma işləri aparılmış və bu işlər hazırda da davam etdirilir.