TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanılması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faiz yerinə yetirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyun ayında Sabirabad EŞ-in xidmət ərazisində 19.7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 663 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 9,4 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 413 min kilovatsaata yaxın artmışdır.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 6 milyon kilovatsaata yaxın artaraq 146,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 82.4 milyon kilovatsaata yaxın olmuşdur. Nətəcədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2.3 milyon kilovatsaatdan çox azalmışdır.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ildə sözügedən EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qayda pozuntusu faktı aşkar olunmuşdur. Qayda pozuntularının təsnifatına görə müvafiq qaydada hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, digər EŞ-lərdə olduğu kimi burada da istehlakçıların enerji təminatının daha da yüksəldilməsi üçün müəssisənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə aparılan təmir bərpa işləri cari ilin 7 ayında da davam etdirilmişdir.
Yeri gəlmişkən, şəbəkədə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.