“İSMAYILLI -1” KSES: 1,1 milyondan artıq elektrik enerjisi istehsal edilmişdir
Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləmişdir ki, müxtəlif bölgələrdə dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Həmin enerji qurğularından biri də "İsmayıllı-1" kiçik su elektrik stansiyasıdır (KSES).
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, "İsmayıllı-1" KSES-də 2016-cı ilin I rübü ərzində 1,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin mart ayında isə burada 421 min kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, kiçik çaylarda SES-lərin tikintisi davam etdirilir. Gücü 1,5 meqavat olan “Balakən-1” kiçik su elektrik stansiyası istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. Gücü 1,6 meqavat olan “İsmayıllı-2”, gücü 0,3 meqavat olan “Astara-1”, ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.
Yeri gəlmişkən, Azərbaycanda ilk su elektrik stansiyası hələ 1880-ci illərin əvvəlində Gədəbəyin Qalakənd kəndində Şəmkirçayın üzərində Simens qardaşları tərəfindən misəritmə zavodunu elektrik enerjisi ilə təmin etmək məqsədilə tikilmişdir.
Xatırladaq ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən bu stansiyanın ümumi layihə gücü 1,6 meqavat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 kilovoltluq yarımstansiya tikilmiş və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3,2 meqavat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu kiçik su elektrik stansiyası ildə 8 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir.