GÖRÜLƏN TƏDBİRLƏR SƏMƏRƏSİNİ VERİR
Digər enerji müəssisələrində olduğu kimi Xaçmaz rayonunda da isteklaçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təmin olunması məqsədilə balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün zəruri tədbirlər durmadan həyata keçirilir. Görülmüş tədbirlər nəticə verir, o cümlədən enerji daşıyıcılarında ifrat yüklənmə və açılma hallarına rast gəlinmir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumat əsasən, aparılan məqsədyönlü tədbirlər, görülən işlər nəticəsində EVX-lər istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb. Hazırda da həmin işlər davam etdirilir. Transformator məntəqələrində də zəruri tədbirlərin görülməsi hesabına əsas işlər yekunlaşmışdır. Mühüm amillərdən biri də şəbəkənin tələb olunan mal-material və maşın-mexanizmləri ilə təmin olunmasıdır ki, bu məsələ də ciddi şəkildə diqqət mərkəzində saxlanılır.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin iyul ayında Xaçmaz EŞ-in xidmət ərazisində 13.2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 673 min kilovatsaatdan çox, ödəniş isə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 315 min kilovatsaatdan çox artararaq 7.5 milyon kilovatsaatdan artıq olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 87,9 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,9 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 49 min kilovatsaatdan çox azalaraq, 52 milyon kilovatsaatdan artıq olmuşdur.