ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Şirvan Elektrik Şəbəkəsinin kollektivi cari ilin yola saldığımız 7 ayında da rayon istehlakçılarına daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlər planını əsasən həyata keçirmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində sözügedən şəbəkənin istismar sahələrindəki transformator məntəqələrində yenidənqurma işləri aparılmış, bir neçə transformatorda əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
Qeyd edək ki, sözügedən dövr ərzində yenidənqurma işləri çərçivəsində smartkart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə koaksial kabel çəkilmiş, 6 kV-lik hava xəttinin müəyyən hissəsi yenidənqurulmuş və 0,4 kV-lik SİP kabel xətti çəkilmişdir.
Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində də həyata keçirilmiş tədbirlər istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, cari ilin iyul ayında “Şirvan” EŞ-in xidmət ərazisində 31,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 819 min kilovatsaatdan çox, ödəniş isə mütləq 16 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 min kilovatsaatdan çox artaraq 4.1 milyon kilovatsaata yaxın olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 208,2 milyon kilovatsaatdan çox olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 15.2 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2.4 milyon kilovatsaata yaxın artaraq 28,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.
İstehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlərlə bağlı mənbə onu da bildirdi ki, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı sərt tədbirlər görülür.