AVADANLIQLAR DİQQƏT MƏRKƏZİNDƏDİR
Xidməti ərazilərində daha da dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə “Qəbələ Regional Elektrik Şəbəkəsi”nin (REŞ) əlaqələndirdiyi Ağdaş Elektrik Şəbəkəsinin də balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX), yarımstansiyalarda və transformator məntəqələrində son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilmişdir. Ümumiyyətlə, növbəti mövsümə hazırlıqla əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilir. Tədbirlər planına uyğun olaraq hava xətlərinin (HX) dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir və o da qeyd edilir ki, şəbəkənin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırmaq yolunda mühüm addımlar atılıb. Bunu iyun-iyul aylarının statistik göstəriciləri də təsdiq edir. Belə ki, son iki ayda müxtəlif gücə malik 10 ədəd transformator, 2,9 kilometrə yaxın 10 və 0,4 kV-lik elektrik verilişi xətlərində təmir işləri görülüb.
Bununla yanaşı 553 kiloqram transformator yağı, 34 kiloqram naqil, 1 ədəd dəmir-beton dayaq, 350 metr SİP kabeli də işlədilib. Qüsurlu olan 46 ədəd birfazlı sayğac dəyişdirilib, yeni ünvanlara isə 56 ədəd birfazlı sayğac quraşdırılıb.
Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Yarımstansiyaların ərazisi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.