SƏNGƏÇAL ES: İSTİSMAR DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR
Generasiya gücləri arasında məxsusi yeri olan Səngəçal Elektrik Stansiyası da dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər vaxtında göstərilmiş və bunun nəticəsində texniki iqitisadi göstəricilər yüksək olmuşdur.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyul ayında 57.4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 7 ayı ərzində burada 468,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da bildirdi ki, stansiyada bütün işləri günün tələbləri səviyyəsində qurulub. İstismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.
Yeri gəlmişkən, cari ilin son üç ayı ərzində burada fəaliyyətdə olan aqreqatlardan ikisində əsaslı təmir işləri başa çatdırılmışdır. Dörd aqreqatda isə əsaslı təmir işləri davam etdirilir. Təmir işləri müəssisədə təşkil olunmuş təmir briqadası tərəfindən həyata keçirilir. Yaranmış nasazlıqlar yerli mütəxəssislər tərəfindən operativ şəkildə aradan qaldırılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə köməkçi avadanlıqlarda da cari təmir işləri aparılmışdır.
Eyni zamanda, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi də daim diqqət mərkəzində saxlanılır. Qrafikə uyğun olaraq yanğın texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, ümumi gücü 300 meqavat olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.