TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR

Ölkəmizin sosial-iqtisadi tərəqqisini xarakterizə edən əsas amillərdən biri də bölgələrin davamlı və tarazlı inkişafına nail olunmasıdır. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanda regional inkişafın təməlini qoymuş, bölgələrdə iqtisadi fəallığı canlandırmışdır. Ümumilikdə, ölkəmizdə məqsədyönlü şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də stabil və tarazlı inkişafına müsbət təsir göstərmişdir. Belə ki, elektrik enerji sisteminin davamlı və yüksələn xəttlə inkişafına yönəldilmiş bir sıra mühüm layihələr respublikanın digər regionları kimi, Şirvanda da uğurla həyata keçirilir. Belə uğurlardan biri də ümumi gücü 780 meqavat təşkil edən “Cənub Elektrik Stansiyası”dır.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən səhmdar cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında “Cənub Elektrik Stansiyası”nda 440,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə sözügedən elektrik stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi 1 milyard 338,6 milyon kilovatsaatdan çox olmuşdur.
Yeri gəlmişkən, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində elektrik stansiyasının elektrik avadanlıqlarına da baxışlar keçirilmiş və aşkar olunmuş nasaslıqlar aradan qaldırılmışdır. Eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparılmışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğına qarşı əks-qəza məşqi də keçirilmişdir.
Xatırladaq ki, “Çənub Elektrik Stansiya”sının Abşeron yarımadası və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi sisteminin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.